Hər bir dinin əsası, varlığı və onun formalaşması, idarəedici mütləq bir “başlanğıca” etiqaddan, inamdan doğur. Belə ki, dində olan bütün etiqadların hamısının möhkəmliyi və həqiqiliyi, həmin o “başlanğıca” olan əqidə və inamın keyfiyyətindən asılıdır. Əgər bu “başlanğıca” bəslənən əqidə düzgün və həqiqi şəkildə qurulmazsa, nəticədə bu dinin, əqidənin bütün qayda-qanunları müxtəlif təhriflərə məruz qalaraq, heç bir uydurma və cəfəngiyyatdan yaxa qurtara bilməyəcəkdir. Bu “başlanğıc” – Allah adlanır. Deməli, Allaha olan əqidə nə qədər düzgün, yəni öz həqiqi formasında qurularsa, dinin “müdafiə sistemi” bir o qədər güclü və qüdrətli olar. Əks təqdirdə isə din həqiqi yolundan çıxaraq, hər bir zaman öz mahiyyətini dəyişə bilər.
Məsihiyyət dininin Allaha olan etiqadını araşdırdıqda bu etiqadın kökündən düzgün qurulmadığını və elə bu səbəbdən də xristianlığın müxtəlif puç ideyalara, xurafata bulaşdığının şahidi oluruq. Daim xristian keşişlərinin söylədikləri: “Ata, oğul, ruhul-qüds” adı ilə başlayıram. – ifadəsi, Quranın təsdiq etdiyi müqəddəs İncil və məsihiyyətin öz həqiqi əqidəsinə görə guya ata Allah, oğul Allah (İsa rəbb) və ruhul-qüds hər üçü “Allah”, zat, əsl və başlanğıcdır. Guya “Allah” ruhul-qüds şəklinə düşərək Məryəmin bətnində yerləşmiş, sonra “oğul Allah” (İsa) şəklində zühur etmişdir.
Doğrusu xristianlığın bu etiqadı onların hələ də vahid yaradanı düzgün tanımamalarından xəbər verir. Maddi və cismi sifətlərdən uzaq olan Allah-təalanın aciz, məhdud və ehtiyaclı cism şəklinə düşməsi fikri olduqca gülünc və sağlam məntiqdən uzaqdır. Allah hər bir şeydən ehtiyacsız, zaman-məkan hüdudlarından xaric və onların fövqündədir. Zaman və məkan Ona hökm edə bilməz. Daha doğrusu, O zaman və məkanı yaradaraq, onlara hökm edir. Allah-təala gözlərin görə bilmədiyi, düşüncələrin olduğu kimi onu təsəvvür edə bilmədiyi əbədi, əzəli, sonsuz bir xaliqdir. Axı necə ola bilər ki, hüdudsuz, əndazəsiz, əbədi və əzəli bir ali varlıq, məhdud və naqis məkanda məhdudlaşsın?!
Əziz oxucu! Hz. İsa (ə) üç məşhur İncildən (Matta, Luka, Mark) məlum olduğu kimi, başqaları tək özünü insan oğlu saymış, digər peyğəmbərlər kimi köhnə xurafat və bütpərəstlik əqidələri ilə, o günün meşşan, dəyərsiz “fəlsəfəsi” ilə mübarizə aparmışdır.
İsa (ə)-ın bütün səyləri xalqı Allaha doğru dəvət etmək, ilahi həqiqətləri xalqa açıqlamaqdan ibarət idi. O özünü ilahi Peyğəmbər, Allahın elçisi adlandırmaqla bərabər, heç bir cəhətdən xalqdan üstün olduğunu demir, insanlar arasındakı fəziləti yalnız iman və əməldə görürdü. (Matta 19\16017-18-19, 10\17-19, Luka, 18\18-20) Hazırda mövcud olan “İncil”də deyilir: “Budur, birisi İsanın yanına gəlib dedi: Yaxşı müəllim, həyatım əbədi olsun deyə, nə etməliyəm? İsa dedi: Nə üçün məni yaxşı adlandırırsan? Allahdan başqa yaxşısı yoxdur. Əgər sən əbədi həyata qovuşmaq istəyirsənsə, Onun (Allahın) əmrlərinə riayət et. Qatillik, zina, və yalan şahidliketmə”.
Beləcə onun adi yaşayışı, doğulması, təbliği, dua etmə keyfiyyəti, Allah dərgahında öz acizlik və bəndəliyini etiraf etməsi, müxtəlif təzyiq və təhqirlərə məruz qalması, habelə digər bəşəri keyfiyyətləri hzş İsanın sadəcə olaraq ləyaqəyli bir insan və peyğəmbər olduğunu sübuta yetirir. (Matta, 27-ci fəsil, 27-31-ci cümlələr, 26-cı fəsil, 67-68-ci cümlələr; Mark, 25-ci fəsil, 16-20-ci cümlələr, 15-ci fəsil, 32-ci cümlə; Luka, 18-ci fəsil, 31-ci cümlə.)
Dərk olunması çətin, olduqca ziddiyyətli və qədim bütpərəstlik ideyaları ilə uyğun gələn, indi isə məsihiyyət dəyanəti adı altında məşhurlaşan “üçlük əqidəsi”, “Allahın oğlu və digər puç əqidələrin heç birisi İsa məsihin (ə) həqiqi təlimlərində gözə dəymir. Əgər bu baş gicəlləndirici əqidələr hz. İsanın (ə) dinini hədəfi və əsası olsaydı, o, hökmən bu barədə nə isə söyləyər və şərhlər verərdi. Halbuki, biz bunun əksinin şahidi oluruq. Həqiqət budur ki, tarixin göstərdiyinə və alimlərin dəlillərinə əsasən, hz. İsanın (ə) bir çox “davamçıları”, onun ali və həqiqi təlimlərini buraxaraq, qədim dünya, yunan və hind bütpərəstlərinin dəyərsiz əqidələrini Məsihin (ə) dinində yerləşdirmiş və nəticədə fəlsəfə və xəyallardan ibarət qarışıq bir “məzhəb” quraşdırdılar. Əslində “Platonun ideyaları fəlsəfəsi” və rəvvaqilərin puç fəlsəfi fikirləri bəzi üzdəniraq ruhanilərin vasitəsilə, hələ Paveldən (milliyyətcə yəhudi olan bu şəxs, özünü İsanın (ə) ardıcıllarından biri kimi tanıtdırsa da, əslində həqiqi məsihiyyəti bütpərəstliyə çevirən adamdır) öncə də Məsihin (ə) dinini təhdid etməkdə idi.
Yəhudi Pavelin “gəlişi isə, bu əqidələri daha da möhkəmləndirərək onları rəsmi bir dinə çevirdi. Pavel öz gəlişi ilə “Allahın insan şəklində təcəssümü (İncavnation)”, “Allahla insan arasında maddi əlaqə”, “fədakarlıq”, nicat”, “loqos” və o zamankı bütpərəstlərin məşhur və sabit etiqadı “üçlük” əqidəsini məsihiyyətə daxil edərək, bu puç ideyaları inkişaf etdirməyə başladı. Nəticədə, bu əqidə Yuhannanın “İncil”ində və Əhdi-cədidin “məktublarında” köklü bir əqidə şəklinə düşdü.
Pavel öz (qədim yəhudə, bütpərəst) fəlsəfi baxışları ilə bütpərəstlərin qızğın rəğbətini qazandı. Öz əqidələri ilə Pavelin məsihiyyəti arasında elə bir fərq görməyən bütpərəstlər, dəstə-dəstə axışıb məsihiyyətə gəlir, “İsanın dininə” üz tuturdular. Bu yolla geniş şöhrət və özünə çoxlu tərəfdar qazanan Pavel, onsuz da bütpərəstlər tərəfindən sevilməyən İsanın (ə) həqiqi dininin tərəfdarlarını – “müxaliflərini” səhnədən uzaqlaşdırdı. Pavel məhz elə bu səbəbdən də 3-cü əsrdə Niqiyya konfransında Konstantinin siyasi və əməli qüdrəti sayəsində müxaliflərinə qalib gələrək “öz dinini” rəsmiləşdirdi. Konstantin zahrdə məsihi olsa da, bütpərəst ideyaları hələ də onun beynindən getməmişdi.
Lion Cutye deyir: İndiki məsihiyyət yunan fəlsəfəsinin fikirlərindən bəhrələnmişdir. O, Platonun yeni fəlsəfəsinin məsihiyyətdə təzahüründən əmələ gəlmişdir.
N. D. Miller “Qədim kilsə tarixi” kitabında yazır: Diqqət etmək lazımdır ki, İsa özünü nə cismi, nə də ruhi cəhətdən Allah adlandırmamışdır. O, fəqət ümumi nəzərdən (yəni hamını Allah yaradıb və hamı Allahdandır.) hamını “Allahın oğlu” (məcazi mənada) sanmışdır. Bu cəhətdən də özünü və hamını “oğul”, Allahı isə “ata” adlandırmışdır. Yəni hamı Allaha bağlı və Ona möhtacdır.
Əziz oxucu! Isa (ə) əgər Allahın oğlu ifadəsini özünə və digərlərinə, ata ifadəsini isə Allaha nisbət vermişdisə, doğrusu bu həqiqi mənada deyil, məcazi mənada və bənzətmə üsulu ilə (qeyri-həqiqi formada) deyilmişdir. Həqiqətdə isə Allahın oğlu – Allahın bəndəsi deməkdir. Daha dəqiq desək, bu bənzətmə möminlərə ilahi sevgisinin həssasiyyətini yetirərək, Allahın sevimlisi mənasındadır. Hazırda mövcud olan “Əhdi-cədiddə” də bu fikir özünü açıq şəkildə büruzə verir və ata-oğul ifadəsinin sonradan dəyişdirilərək, səhv mənada, yəni indi başa düşülən həqiqi məna kimi işlədilməsi aydın olur. Belə ki, Əhdi-cədid bir yerdə hz. İsanı “Allahın vahid oğlu” saydığı halda, digər bir yerində isə bütün bəni-Adəmi (insanları) Allahın oğlu sayır;
“Görün, ata (Allah) bizə necə bir məhəbbət göstərmişdir ki biz Allahın övladları adlanırıq və biz doğridan da eləyik. Sevimlilərim, indi biz Allahın övladlarıyıq.” (Yuhanna, 1-ci məktub, 3-cü fəsil, 1-2-ci cümlələr.), yaxud “məhəbbət Allahdandır və Allahı sevən hər kəs Allahdan doğulubdur. İsanın Məsih olduğuna inanan hər kəs Allahdan doğulmuşdur. (Yuhanna, 1-ci məktub, 1-2-5-ci cümlələr.)
Gəlin başqa ifadələri dinləyək: “Bilirik ki, Allahdan doğulan kimsə günah işlətmir, əksinə Allahdan doğulan Məsih onu qoruyur”. (Yuhanna 1-ci məktub, 5-ci fəsil, 18-ci cümlə.) Burada “doğulmaq” həm Məsihə, həm də digərlırinə nisbət verilmişdir.
Başqa bir yerdə deyilir: “Atamız Allahın oğulluğunanail olaq və sən artıq Allahın oğlusan. (Pavel – Qalatiyalılara, 1-ci fəsil, 4-cü cümlə, 4-cü fəsil, 5-7-ci cümlələr) Göründüyü kimi, burada “atamız” sözü cəm şəkildə işlədilmişdir.
Həmçinin, hz. İsa (ə) “İncil”lərdə Allahın oğlu” adlandırılmaqla bərabər, Adəm oğlu – insan oğlu da adlandırılmışdır. (Luka-3, 38-ci cümlə) Bütün bunlardan belə bir nəticə almaq olar; “Allahın oğlu” və “ata” sözləri həqiqi məna deyil, məcazi məna daşıyır və bu adı təkcə hz. İsa (ə) deyil, hər bir Allah bəndəsinə məcazi mənada nisbət vermək olar. Lakin sonradan bu ad, “İncil”lərdə yalnız isaya aid edilmiş və bütpərəstlərin əli ilə həqiqi mənaya çevrilmişdir. Məhz bu səbəbdən də hazırki dövrdə xristianların sui-istifadə etməməsi üçün məcazi mənada da olsa, bu adın kiməsə nisbət verilməsi düzgün deyildir. Tanınmış rus klassiki və “İncil” tədqiqatçısı olan L. N. Tolstoy bu barədə belə yazır: “Məsihilər Allahın oğlu ifadəsini təkcə İsaya nisbət verərək, bu ləqəbi fəqət ona məxsus etdilər. Və digər insanların bu adla çağrılmasına razı deyildilər. Bir halda ki, bu ləqəb bütün bəşərə aiddir və təkcə müəyyən bir şəxsə məxsus deyil. Bəli, “İncil” deyir: İsa dedi: Qoy sizin nurunuz insanların qarşısında elə parlasın ki, xeyirxah işlərinizi görsünlər və göylərdəki atanıza həmd etsinlər. (Matta, 5-ci fəsil, 16-cı cümlə.) Siz göylərdə olan atanızın oğulları olasınız. (Matta, 5-ci fəsil, 45-ci cümlə) Beləliklə, səmavi atanız (Allah) kamil olduğu kimi siz də kamil olun. (Matta, 5-ci fəsil, 48-ci cümlə) Ehtiyatlı olun!... yoxsa səmavi atanızdan mükafat almazsınız. (Matta, 6-cı fəsil, 1-ci cümlə) Sədəqən gizli olsa, Atan da sənə açıqcasına əvəzini verəcəkdir. (Matta, 6-cı fəsil, 4-cü cümlə) Gizlində atana (Allaha) dua et. (Matta, 6-cı fəsil, 6-cı cümlə) Çünki atanız...İsa dedi: Ey göylərdə olan atamız,... səmavi atamız,... (Göründüyü kimi ata sözü cəm şəklində işlənilmişdir.)
Aydındır ki, İncillərdə ata ifadəsi Allaha məcazi mənada nisbət verilmişdir. İsa da özünü məcazi olaraq Allahın oğlu adlandırmışdır. Çünki o, özünü və digərlərini Allahın yaratdığı və bəndəsi sayır... Lakin məsihilər bu ifadələri öz həqiqi mənasında –mən “Tolstoy Nikolay oğlu” olduğum kimi işlədirlər. Mən bu müşriklərin sözlərindən Allaha Pənah aparıram. Görəsən bu, azğınlıq və zəlalətin nişanəsi deyildirmi?!”
Doktor Əli Əbdulvahid isə bu barədə belə deyir: “Artıq gün kimi aydındır ki, məsihiyyət olan “üçlük əqidəsi”, yeni Platon fəlsəfəsinin güclü təsiri nəticəsində əmələ gəlmişdir. Söz yox ki, bu dində hind-budda əqidəsinin əsərləri də özünü açıq-aşkar büruzə verir”.
Böyük tarixçı və tədqiqatçı Vil Dorant bu mövzuda öz fikrini belə ifadə edir: “Yeni Platon fəlsəfəsi və bütpərəstlərin ideyaları İsanın dininə sirayət etmişdir. Belə ki, yunan filosofları və ravvaqilərin ideyaları əvvəlcə Pavel, sonradan Yuhanna və digərlərinin vasitəsi ilə məsihiyyətə daxil edilmişdir”.
Felsin Şale deyir: “Sonradan məsihi olan müşriklər, belə bir əqidəyə malik idilər ki, guya allahlar böyük şəxsiyyətləri əmələ gətirmək üçün bəşərə çevrilirdilər. Bu baxımdan onlar İsanı Allah sandılar. Rəvvaqilərin və yəhudilərin əqidəsi isə bu əsassız fikirlərlə birgə məsihiyyətə daxil olaraq, Yuhannanın incilində rəsmiləşdi”.
Dilasi Edilayv yazır: “Yunan və qədim yəhudi bütpərəstlərinin fəlsəfəsi indiki məsihiyyətin əsasını təşkil edir”.
“Əl-Yunan şəbuha və əruza” adlı kitabda belə yazılır: “İsanın indiki dini yunan və qədim hind bütpərəstlərinin əqidələrinin yeni təzahürüdür. Pavel, Tərtus vilayətində İsa ilə eyni dövrdə doğuldu. Əsl-nəcabətli və kübar ailədə böyüyən Pavel, elm və fəlsəfə şəhəri sayılan Tərtusda yunan yunan dilini yüksək səviyyədə mənimsəyərək, fəlsəfə elminə də yiyələndi. Əvvəllər məsihilərin qatı düşməni olmuş və sonradan məsihiyyəti qəbul edən Pavel, yunan və qədim yəhudi fəlsəfəsini bu dinə daxil edərək, onu Yunanıstanda və digər qeyri-yəhudi məntəqələrində yaymağa başladı. O, öz təlimlərinə bəraət qazandırmaq üçün özünü və sözlərini Allaha, Məsihə nisbət verməklə, xalqın nəzərində ilahiləşdirdi. Bu işdən onun məqsədi bütpərəst və müşriklərin nəzərini cəlb etmək və fikirlərini onlara qəbul etdirərək şöhrət qazanmaq idi. Nəticədə isə onun bu batil əqidəsi Yuhanna incilinə daxil olundu”.
Tarixçi Con Nas deyir: “Pavel məsihi dinini öz şöhrət və qüdrət istəklərinə qurban verərək, bütpərəstlərin və qədim müşrik yəhudilərin etiqadlarını bu dinə daxil edib, onun əsl simasını yox etdi”.
İndiki məsihiyyətin iç üzündən yaxşı agah olan dahi rus yazıçısı L. N. Tolstoy belə deyirdi: “Xülasə, bütün məsihi məzhəbləri bir ovuc əqidəyə inanırlar ki, bu ideyalar heç bir surətdə insan üçün xeyirli deyildir. İnsanın ağıl və düşüncəsi həmin etiqadların batil olduğuna hökm verir. Mən öz axtarışlarıma əsasən, nəhayət belə qərara gəldim ki, dünyada hz. İsanın həqiqi dini - kilsəsi mövcud deyildir. 1800 ildir ki, vəziyyət bu minvalla davam edir. Azğınlıq və qeyri-ilahi fikirlər, bütpərəst əqidələri xristianların arasında dərin kök salaraq ağılasığmaz dərəcədə inkişaf edibdir. Artıq 1800 ildir ki, dünyanın müxtəlif ölkələrində milyonlarla insanlar sakitcə, kor-koranə şəkildə bu bütpərəst əqidələrinə inanırlar. Guya ki, onların hamısı xurafat və şirk dolu bu dinə inanmağa əhdi-peyman bağlamışlar. Mən indiki məsihiyyətə öz etiraz səslərini ucaldan açıq fikirli və dolğun düşüncəli alim və digər şəxsləri bu cərgəyə qatıram. Pavel barəsində isə onu deyə bilərəm ki, o, Məsihi dinin öz şöhrətinə qurban verir”.
Maraqlıdır ki, L. N. Tolstoy dostlarına yazdığı məktubların birində belə bir fikir söyləyir: “Əgər insanən qarşısına seçmək üçün iki yol qoyularsa, İslam və Xristianlıq, onda şübhəsiz hər bir ağlı başında olan insan İslamı seçmiş olar”.
Volter isə üçlük əqidəsi barəsində öz fikrini belə bəyan edir: “Allahın (İsanın) necə ana bətnində doğularaq bu dünyaya gəldiyini, sonra isə insanlar tərəfindən dara çəkilərək öldüyünü və yenidən dirildiyini fikirləşdikcə insanı heyrət bürüyür. İnsan ağlı bu sözün batil olduğunu istər-istəməz etiraf edir. Adam hər nə qədər özündən soruşsa ki, bir yəhudi (guya İsa) necə oldu ki, “Allah” oldu?! - öz sualına cavab tapa bilməyərək bu sözün cəfəngiyyat olduğunu anlayır. Qəribədir, xaçpərəstlər necə də birin üç və üçün bir olduğuna inanırlar. Bu açıq-aşkar düşüncəsizlik deyilmi? Qədim iranlılar günəşə pərəstiş edirdilər, finlilər küləyə, qədim yəhudilər isə mis ilana ibadət edirdilər. Lakin bəşərin rüsvayçılığı o dərəcəyə çatdı ki, adi bir insanı sonsuz əbədi və əzəli Allah sandılar! Və bununla kifayətlənməyərək öz allahlarının “ət və qanını (pasxa bayramında çörək və şərab)” dişləri arasında çeynəyir və onu həzm edərək... çirkablığa qərq edirlər!
İlahi, ey ulu Tanrı, mən Sənin varlığına inanıram! Sənsə mənim bu səmimi naləmi eşit və qəbul et! Mənim dinsizliyim (hər hansı bir dinə qulluq etməməyim) Səni alçaltmır, bu xalq Səni təhqir edərək düzgün tanımır. Onlar Sənin zalım, mən isə mehriban sayıram. Mən məsihi deyiləm, çünki Səni çox sevir və sevmək istəyirəm. (Volter, əsərlərinin külliyatı, c. 26, səh. 292)
Volter İslam dini haqqındakı fikirlərini isə belə ifadə edir: “Dünyada mövcud olan dinlər arasında təkcə İslam dini, ilahi bir dinə bənzəyir... Məhəmmədin gətirdiyi din, şəksiz və şübhəsiz məsihiyyətdən olduqca üstün bir dindir. Çünki onun dinində heç bir yıhudi kişini (hz. İsa (ə) nəzərdə tutulur) yəhudi qadın (hz. Məryəm nəzərdə tutulur) Allah anası (həm də Allahın arvadı) sanmamışlar. Məhəmməd heç vaxt yəhudilərə kin bəsləməmiş, onlara nifrət etməmişdir. Heç vaxt onun dini Allaha küfr etməmiş, bir olan Allahı eyni halda üç sanmamışdır”. (İslam Volterin baxışında, sıh. 99)
Kilsə xadimləri İslam dininin mə᾽nəvi nüfuzundan bərk qorxur və son dərəcə narahatlıq hissi keçirirlər. Onlar İslam dünyasının heysiyyətini ləkələmək üçün onun əleyhinə təbliğat aparırlar. Vaxtaşırı olaraq bu dinə iftira yaxır, müxtəlif üsullarla həqiqət günəşinin üzünə pərdə çəkməyə çalışırlar. Onlar dünya xalqlarının İslam dininin həqiqət və gerçəkliklərindən xəbərsiz qalmaları üçün əllərindən gələni əsirgəmirlər.
Almaniya televiziyası ilə Yəməndəki vəziyyət, oradakı məscid və müsəlmanların ibadətləri haqda verilişlər göstərilirdi. Verilişin aparıcısı ilk növbədə həmin ölkənin gerilik və problemləri, xalqın üzləşdiyi məhrumiyyətlər barədə danışırdı. Daha sonra isə İslama qarşı hücuma keçib söhbətini belə davam etdirdi: «İslam bu millətin tərəqqi və inkişafı yolunda çoxlu çətinliklər yaratmış, onu 200 il geriyə atmışdır. Bu ölkədəki gerilik və çatışmazlıq İslami proqramların nəticə və simvoludur. Bu xalqların beynəlxalq inteqrasiya və inqilabi dəyişikliklərdən məhrum olmasının səbəbi İslam dininin göstərişləri və onların dini e᾽tiqadlarıdır».
Diqqət edin, bu zəhərli sözlər və hiyləgərcəsinə aparılan təbliğat müsəlmanların əqidəsi ilə yaxından tanış olmayan avropalıların təsəvvüründə necə əks olunacaq və onların İslam barəsində mə᾽lumat və mühakimələri hansı şəkildə formalaşacaq?! Məgər bütün bunlar ayrı-ayrı xalqlara və bəşəriyyətə qarşı xəyanət deyilmi?!
Əlbəttə, bu kimi təbliğata belə cavab verilməlidir: Əgər Yəmən əhalisinin maddi gerilik və çatışmazlıqlarının səbəbi onların İslam dininə e᾽tiqadlı olmalarıdırsa, bəs nə üçün Papanın yaşadığı İtaliyanın cənub bölgələri iqtisadi gerilik və böhran içindədir? Bəs nəyə görə oradakı insanlar müasir svilizasiyadan geri qalaraq, yoxsul vəziyyətdə yaşayırlar? Hətta ibtidai tələbatlarını tə᾽min etməkdən ötrü qonşu ölkələrə mühacirət edirlər. Yaxud, nəyə görə qeyri-müsəlman və Avropa ölkəsi sayılan Yunanıstan İslam ölkələrinin çoxundan geridə qalır? Halbuki, yunanlar hələ xristianlıqdan çox-çox qabaq dünyanın mütərəqqi xalqlarından sayılırdılar. Amma xristianlığı qəbul etdikdən sonra inkişafdan geri qalmış, hətta osmanlıların müstəmləkəsinə çevrilmişlər. Nə üçün Asiyadakı bə᾽zi qeyri-müsəlman ölkələri İslam ölkələrindən aşağı səviyyədə yaşayırlar?
Halbuki, Bosniya kimi bə᾽zi ölkələrdəki müsəlmanlar katolik və ortodoks xristianlardan daha yaxşı yaşayırlar. Çindəki müsəlmanlar isə buddistlərdən üstün mövqeyə malikdirlər. Sinqapur adalarında yaşayan ərəblər maddi cəhətdən oradakı sakinlərdən, hətta ingilislərin özündən də irəlidədirlər. Kimsəyə gizli deyildir ki, Qərb ölkələrinin kütləvi informasiya vasitələri İslam barəsində olan mə᾽lumatları əksinə işıqlandırır və xalqa əsassız mətləbləri çatdırırlar. Bu təbliğatların tə᾽siri altında yaşayan xalqlar, adətən İslamın ən ibtidai üsullarından xəbərsiz olurlar. Qeyd etdiyimiz kimi, bu cür tədbirlər kilsə və onlarla əlaqədar olan təşkilatlar tərəfindən həyata keçirilir.
Böyük mütəfəkkir və yazıçı Məhəmməd Qütb deyir: «BMT-nin Misirdəki nümayəndələrindən biri ilə İslami dəyər və proqramlar haqqında bir neçə saat söhbət etdim. Bu qərb ziyalısı axırda belə dedi: Görürəm ki, İslam dini barəsində mənə mə᾽lum olmayan həqiqətləri deyirsiniz. Amma, mən müasir svilizasiyanın bəxş etdiyi faydalardan məhrum olmaq istəmirəm. Çünki, təyyarələrlə səfər etmək istəyirəm... Təəcüblə ondan soruşdum: Səni müasir svilizasiyanın bəhrələrindən məhrum edən nədir? Cavabında dedi: Məgər sizin İslam dini insanlardan çadırlarda yaşamağı və köçəri həyat tərzi sürməyi tələb etmirmi?»
Almaniyada qaldığım mehmanxananın sahibi Fransa və İngiltərədə ali doktorluq təhsili almışdı, ərəb dilində danışmağı da bacarırdı. O deyirdi: «Mən Allahın təkliyinə tamamilə inanıram. Amma, dinlərin tanıtdırdığı, ona ibadət və pərəstiş olunmasını tövsiyə etdikləri Allahı qəbul edə bilmirəm. Bunu, yə᾽ni ibadəti məntiqi bir iş hesab etmirəm. Fikir və idrak aydın başa düşür ki, bunlar bəşər fitrəti ilə uyğun gəlmir.
O, üzündə qəm-qüssə və kədər hissi aydın sezildiyi bir halda belə deyirdi: «Gərək bəşəriyyətin Allaha pərəstiş haqqındakı indiki fikirlərinin əsasları dəyişdirilsin və xalis tovhidin düzgün başa düşülməsi üçün lazımi islahatlar aparılsın».
Bu şəxs İslamın xalis tovhid dini olmasından və Qur᾽an ilə təhrif olunmuş İncil və Tövrat arasındakı fərqlərdən tamamilə xəbərsiz idi. O, təsəvvür etmirdi ki, müqəddəs Qur᾽an ilahi vəhyə bağlı bir kitabdır!
Sonra mən İslam dininin əsasları haqqında alman dilinə tərcümə edilmiş bir kitabı ona təqdim etdim ki, oxuyub dinimizi başa düşsün.
Təəssüflər olsun ki, xaricdə yaşayan bə᾽zi həmvətənlərimizin yaramaz hərəkətləri qərblilərdə İslama qarşı mənfi fikirlərin yaranmasına səbəb olur. Haqqında danışdığım həmin mehmanxana sahibi bə᾽zi iranlılardan üzdəniraq hərəkətlər gördüyü üçün, heç bir vəchlə müsəlmanları oraya buraxmaq istəmirdi. Onun tanışlarından birinin vasitəçiliyi nəticəsində mənim orada qalmağıma icazə vermişdi. Orada müvəqqəti qaldığım bir neçə gün ərzində onun mənə qarşı e᾽timadı fövqəladə dərəcədə dəyişdi. O şəxs həmin günlərdə məni müşahidə etmiş, qayda-qanuna zidd olan heç bir iş görmədiyimin şahidi olmuşdu. Hiss edirdim ki, getdikcə onun mənə qarşı rəğbət və ehtiramı artır, hərdən bə᾽zi hədiyyələr verməklə öz səmimi hisslərini izhar edirdi.
Bir müddətdən sonra öz yerimi dəyişməli oldum. O, təzə ünvanımı öyrənib mənə zəng vurur, müntəzəm olaraq əlaqə saxlayırdı. Hər dəfə onun mehmanxanasına iranlılar müraciət etdikdə, əvvəlcə mənimlə danışır və bildirirdi ki, əgər siz bu adamlara zəmanət versəniz, mən onları qəbul edərəm. Qeyd etməliyəm ki, ölkəyə birinci gün gəlmiş adamlar üçün mehmanxanalarda yer almaq çox çətin olduğundan, belə şəxslərə köməklik göstərib zəmanət verməyi özümə borc bilirdim. Bir gün Almaniyaya təzə gəlmiş bir neçə iranlıya yer vermək üçün həmin mehmanxana sahibinə müraciət etdim və o da həmişəki kimi onları qəbul etdi. Amma bir gün sonra mənə zəng edib, çox narahatlıqla bildirdi ki, sizin zəmanət verdiyiniz iranlılar özlərini apara bilmir və nalayiq hərəkətlərə yol verirlər. Mən ondan üzr istədim və bir daha yaxşı tanımadığım həmyerlilərimdən ötrü müraciət etməyəcəyimi bildirdim.
Hal-hazırda mədəni xalqların İslam haqqında olan fikirlərini dəyişmək, onlarda dinimizə qarşı rəğbət hissi yaratmaq üçün gözəl fürsət vardır; dinimizi və müqəddəs ayinlərimizi dünyaya düzgün tanıtdırmaq imkanları çox genişdir. Doğrudur ki, dinin bəşər fitrəti ilə uyğunluğu onun inkişafına səbəb olur. Amma müasir dövrün inkişafı və onun mövcud şəraiti yeni təbliğat üsullarından istifadə etməyi tələb edir. Çox acınacaqlı bir haldır ki, biz hələ də dövri təbliğat üsullarından tam istifadə edə bilmirik. Düzgün təşkil olunmayan proqram və fəaliyyətlər heç də səmərə vermir. Bə᾽zən yaxşı nəticə versə də, çox kiçik miqyasda olur və güclü müxaliflər qarşısında müqavimət göstərə bilmir. Bizim səhvimiz nəhəng informasiya mərkəzlərinə əhəmiyyət verməməyimizdədir. İslamın heyrətamiz təbliğat vasitələrindən düzgün istifadə etməmək bizə çox baha başa gəlir. Ən düzgün və qiymətli dini dəyərlərə malik olduğumuza baxmayaraq, qəribə durğunluq içində qalmışıq. Həmin səbəblər nəticəsində də geniş təbliğat meydanlarını İslama zidd olan din və məzhəblərin ixtiyarına qoymuşuq.
Əslində qərblilərin yaşayışı müasir texnika ilə bağlı olan ruhsuz və hərarətsiz bir həyata çevrilmişdir. Bəşəriyyət maddi həyatın müxtəlif sahələrində yüksək səviyyədə inkişaf etmiş, bir çox problemlərini həll edə bilmiş və nəticədə asayiş və rifaha çatmışdır. Amma, mə᾽nəvi dəyərlər və əxlaqi məsələlərin çoxu unudulmuş, ruhi həyat gerçəkliklərinə diqqət xeyli azalmışdır.
Yeni svilizasiya və mədəniyyətin ortaya çıxardığı ruhi narahatlıq və xəstəlikləri nəzərə almamaq olmaz. İndiyədək olan bütün kəşflər və ixtiralar yaşayışı asanlaşdıraraq, ümumbəşəri inkişafa kömək etsə də, onun fikri və ruhi narahatlığını azalda bilməmişdir; mə᾽nəvi məsələlərdəki problem və böhranları aradan qaldırmamış, insanlara həqiqi səadət bəxş etməmişdir.
İnsanlar cismani ehtiyaclardan əlavə, mə᾽nəvi və ruhi tələbatlara da malikdirlər. Cismani ləzzətlərə bağlı olduğu qədər, mə᾽nəvi istəklərin tə᾽min olunmasını da istəyir. Şübhə yoxdur ki, bu ehtiyacların ödənilməsi yolları maddi varlıqlardan kənarda axtarmalıdır. Maddiyyat çərçivəsində onlara cavab vermək bağışlanılmaz səhv olmaqla yanaşı, insanın xilqət, fitrət və təbiəti ilə də müvafiq deyildir. İnsan övladı yaşayışının əvvəllərindən maddi mədəniyyət mərhələsinin inkişafına başlamış, onun iste᾽dadı elm və sənətin tərəqqisində əsas rol oynamışdır. Amma maddi və mə᾽nəvi həyatdakı nailiyyətlərin müvazinəti olmasa, insan həqiqi səadətə çata bilməz.
Əxlaqi və ictimai çatışmazlıqları müşahidə etdikdə görürük ki, bəşəriyyətin təkamülü hələ də hərtərəfli və layiqli şəkildə inkişaf etməmişdir. Bu gün insanlar xoşbəxtlik amillərini seçməkdə və tanımaqda səhvə yol verirlər.
Tarixdə, yaşayışının bütün guşələrinə sirayət etmiş fəsadlarla üzləşməyən heç bir xalq tapmaq olmaz. Hal-hazırkı qərb cəmiyyətindəki əxlaqi fəsadlar çox kəskin və qabarıq şəkildə inkişaf etmişdir. Halbuki, oradakı insanların əksəriyyəti əmanətdar, işlərində dəqiqlik sevən və ədalət tərəfdarıdırlar. Amma bütün bunlarla yanaşı, onların əxlaqi çatışmazlıqları da göz qabağındadır. Baxmayaraq ki, yuxarıda göstərdiyimiz xüsusiyyətlər də əxlaqi keyfiyyətlərdən sayılır, lakin onları müxtəlif əsaslar üzrə cürbəcür məqsədlərdən ötrü işlətmək olar. Qərbdə belə əxlaqi keyfiyyətlər dindən ayrı düşmüşdür və onun üçün də hər cür mə᾽nəvi dəyər və məziyyətlərini itirmişdir. Həmin şəkildə olan əxlaqi keyfiyyətlər şəxsi mənafelərdən yaranır və qərbliləri «düzgünlüyə» riayət etməyə məcbur edir. Xalq bu əməllərə maddiyyat «pəncərəsindən» baxır və öz inkişafında onları vasitə hesab edir. Amma bu keyfiyyətlərdən maddi mənafelər üçün istifadə edilməsə, onlar həqiqi-mə᾽nəvi dəyərlərə çevrilə bilərlər.
Qərb ölkələrində mövcud olan intim məsələlər bütün çərçivələrdən kənara çıxmışdır və bu sahədəki əxlaqi pozğunluqlar özünün ən yüksək səviyyəsinə çatmışdır. Aydındır ki, əvvəllər qərbdə cinsi iffəti əsas əxlaqi dəyərlərdən hesab edirdilər. Lakin bu məsələ tədricən unuduldu və nəhayət arzuolunmaz bir şəkil aldı.
Qərbdə iffət elə bir şəkildə yaddan çıxmışdır ki, guya o, heç insanın əxlaqi kefiyyətlərindən hesab olunmur!
Dostlarımdan biri belə deyirdi: «Bir gün alman radiosunda cavan bir qız öz problemlərindən danışaraq, onlardan onun üçün çıxış yolu göstərmələrini xahiş edirdi: Mən cavan qızam və uzun illərdir ki, bir cavan oğlanla ailə qurmadan dostluq əlaqəsi yaradıb, birlikdə yaşayıram. İndi ona qarşı meylim azalıb, başqa bir oğlana rəğbətim artıb. Mən keçmiş dostumla əlaqələrimi kəsib, təzə tanışımla daimi əlaqə yarada bilərəmmi? Yaxud, yeni dostumla ünsiyyətdə ola-ola, keçmiş sevgilimlə də əlaqələrimi saxlaya bilərəmmi? Xahiş edirəm bu işdə mənə yol göstərin»!
Onun cavabında isə «yol göstərən» radio əməkdaşı belə deyir: «Siz 28 yaşına qədər azad surətdə qeyd-şərtsiz bir və ya bir neçə cavanla cinsi yaxınlıq edə bilərsiniz. Buna görə də özünüzü heç bir şübhə və iztiraba salmayın»!
Belə bir məqama diqqət yetirilməlidir ki, əxlaqsızlıq və fahişəlik əsas e᾽tibarı ilə vəzifəsi cəmiyyəti mə᾽nəvi süqutdan qorumaq olan mərkəzlər vasitəsilə yayılır. Həmin radio, televiziya, qəzet və jurnallar iffət, mə᾽nəvi paklıq kefiyyətlərini təbliğ etmək əvəzinə, pozğunluq və əxlaqsızlığı yaymaqla məşğul olurlar. Bu işdə bir qədər də uzağa gedərək, «yeni» əxlaqi normalar haqqında göstəriş verirlər. Nikahdan qabaq cavanlar arasında «dostluq» münasibətləri adı ilə fahişəliyin yayılmasına yardım edirlər. «Mütləq azadlıq» adı altında əxlaqsızlığı təşviq edib, şərəfsizlik və qeyrətsizliyi adi «insani norma» kimi geniş surətdə təbliğ edirlər. Məşhur sosioloq Vill Dorant yazır: «Şəhərlilərin yaşayış tərzi elə bir şəkil alıb ki, adamı evlənmək haqqında fikirləşməkdən çəkindirir. Cinsi ehtiraslar xalqı mə᾽lum rabitələrə sövq edir və qeyri-qanuni əlaqələrin yaranmasına səbəb olur. Qərb mədəniyyəti evlənməyi əhəmiyyətsiz bir məsələyə çevirib. Yaşı otuzu ötmüş çoxlu kişi və qadınlar vardır ki, hələ də ailə sahibi olmamışlar. Bütün bunların nəticəsində bir zamanlar fəzilət və dəyər hesab edilən mə᾽nəvi paklıq tamamilə öz əhəmiyyətini itirmişdir.
Əlbəttə, belə bir şəraitdə əvvəllər ən gözəl insani keyfiyyətlərdən sayılan həya, indi tamamilə öz mə᾽nasını itirmişdir. Kişilər öz günahlarının sayı ilə fəxr edir, qadınlar isə onlarla bərabər olduqlarını iddia edərək əxlaqsızlıqda kişilərlə yarışırlar. Aydındır ki, belə cəmiyyətlərdə nikah məsələsi heç bir əhmiyyət kəsb etmir. Küçələrdə fahişələrin sayının azalması, onların polisdən qorxduqları üçün deyil, digər qadınların başqa yerlərdə həmin «vəzifəni» daha geniş şəkildə icra etmələrindən irəli gəlir».
İnsan fitrəti onu öz qüvvələrinə nəzarət etməyi və bunlardan mö᾽tədil şəkildə istifadə olunmasını tələb edir. Küçədə yeriyərkən təhlükəli yollara addımlamaq pis nəticələrə səbəb olduğu kimi, fitrətlə müxalifət etmək də eyni şəkildə mə᾽nəviyyət sahəsində böyük faciələrə gətirib çıxarır.
Qərb mədəniyyəti ümumiyyətlə şəhvət və cinsi ehtirasların nəzarətsiz formada bəslənməsinə şərait yaradaraq, mütləq azadlığın hakim olmasına icazə verir. Amma nədənsə, indiyədək şəhvətbazların bu mütləq azadlıq şəraitində «doyduqları» gözə çarpmır. Əksinə, cəmiyyətdə psixoloji narahatlıqlar, stress və əsəb xəstəlikləri artmaqdadır.
İsveçdə 20 il ərzində icazə verilən mütləq cinsi azadlıq cavanların dəhşətli faciələrə düçar olduqlarına gətirib çıxartdıqdan sonra, həmin ölkə rəhbərləri çıxış yolları tapmaq üçün parlamentdə müzakirələrə başladılar. Ölkənin baş naziri açıq şəkildə deyirdi: «Bizə 20 il müddətində buraxdığımız səhvləri düzəltmək üçün 40 il vaxt lazımdır».
Xalq, Freydin aldadıcı fikirlərinin tə᾽siri altında öz rəftarında heyvani hisslərə aludə olmuş və cinsi təmayüllər əxlaqdan ayrılmış, iffət aradan getmiş, pozğunçuluq elə bir həddə çatmışdır ki, onun dayandırılmasının mümkünsüzlüyü göz qabağındadır. Aşağıdakı statistik mə᾽lumatlar bunu daha aydın göstərir: Alman dövləti tərəfindən yayılan mə᾽lumatlara əsasən, son illərdə müharibədə qalib gələn dövlətlərin əsgərlərinin alman qadınları ilə qeyri-qanuni cinsi yaxınlıqları nəticəsində 200 min uşaq doğulmuşdur və hal-hazırda onlar Almaniya dövlətinin himayəsi altındadırlar. Bunların beş mini zənci uşaqlardır. Almanların özlərinin e᾽tiraf etdiyi kimi, bu say qeyri-qanuni doğulan uşaqların ümumi miqdarının yalnız onda bir hissəsidir. Çünki, adətən belə hallarda uşaqların böyük əksəriyyəti dünyaya gəlməzdən qabaq məhv edilir. Qeyd edilməlidir ki, bu mə᾽lumatlar təkcə Qərbi Almaniyaya aiddir.
Digər Qərb ölkələrindəki vəziyyət heç də Almaniyadan geri qalmır. İngiltərə, Fransa və sair ölkələrdə də oxşar statistika mövcuddur. Məşhur psixoloq Karneqi belə yazır: «Amerikanın statistika idarələrindən birinin apardığı tədqiqatlara əsasən, ölkədəki bütün ailələrdə təqribən ərlərin yarısı öz həyat yoldaşlarına xəyanət edir və xəyanət etməyən digər hissəni təşkil edən ərlər isə heç də iffət üzündən deyil, «fürsət» düşmədiyindən, yaxud imkansızlıqdan bu işi görmürlər. Nyu-Yorkun telefon xətləri yoxlanıldıqda isə aydın oldu ki, ərli qadınların çoxu öz həyat yoldaşlarına xəyanət edirlər»!
ABŞ-da 650 xəstəxana zöhrəvi xəstəliklərin müalicəsi üçün ixtisaslaşıb. Halbuki, bu cür xəstələrin yalnız 1,5 faizi həmin yerlərdə müalicə olunurlar və onların çoxu evlərdə xüsusi həkimlərə müraciət edirlər. Bu ölkədə hər il 30-40 min körpə belə xəstəliklərin tə᾽sirindən ölürlər. ABŞ-da zöhrəvi xəstəliklərdən ölənlərin sayı təbii ölənlərin sayından daha çoxdur.
Amerikada çıxan jurnalların biri yazır: «Keçmişlə müqayisədə ABŞ-da qeyri-qanuni yolla doğulan uşaqların sayının kəskin surətdə artması dövləti böyük çətinliklər qarşısında qoymuşdur. Belə uşaqların sayı ildə 200 mini ötür». ABŞ-da bir il ərzində edilən abortların sayı 1,5 milyondan çoxdur ki, bunların 65%-dən çoxu qeyri-qanuni əlaqələrin nəticəsində baş verir və 50%-ə yaxın abortlar azyaşlı ərsiz qızlarla bağlıdır.
İngiltərəli doktor Malnez deyir: «İngiltərədə kilsəyə gedən qızların hər beş nəfərindən biri hamilə olur. Hər il Londonda 50 min abort baş verir. Doğulan hər 20 uşaqdan biri qeyri-qanuni əlaqələrin nəticəsində dünyaya gəlir. Həyat şəraiti yaxşılaşdıqca belə uşaqların sayı artır. Qeyri-qanuni uşaqlar ən çox yüksək təbəqədən olan qızlara aiddir. Bütün bu misallar aydın şəkildə göstərir ki, «mədəni cəmiyyətlər» cinsi ehtirasların qaranlıq zindanında həbs edilmişdir. İş o yerə gəlib çatmışdır ki, bir çox əxlaqi mə᾽nəvi dəyərlər unudulmuş, əxlaqsızlıq heç bir sərhəd tanımadan inkişaf etmişdir. ABŞ-dakı yaşayış məntəqələrinin birində baş vermiş biabırçı hadisə haqqında isə qəzetlər açıq-aydın mə᾽lumat vermişdilər. Orada bir dəstə «insan!?» öz arvadlarını üç həftə müddətində bir-birilərilə dəyişdirmiş və dostluq nişanəsi olaraq, qadınlarını başqalarına hədiyyə etmişdilər!!!
Bu hadisə hətta ABŞ-ın özündə böyük səs-küyə səbəb olmuşdu. Sadaladığımız bütün misallar qərbdəki cinsi yaşayış tərzinin eybəcərliklərini aydın surətdə göstərir.
Hər bir xalqın başçılarının həyata olan baxışları həmin millətin təfəkkür tərzinə yüksək tə᾽sir göstərir. İctimaiyyətə rəhbərlik edən təbəqənin əxlaqi fəsadlara aludə olması ümumi mə᾽nəvi dəyərləri viran qoyan ən güclü amildir. Çünki, hər bir şəxs təbii ehtirasların cazibəsi ilə üzləşdikdə, cəmiyyət başçıları insanların təfəkkürünün formalaşmasında həlledici rol oynayır. Əxlaqsızlıq mühitində böyüyən şəxs hökmən mütləq azadlıq və cinsi həyatda mə᾽suliyyətsizlik hisslərinə yiyələnir və onun üçün iffət məfhumu öz mə᾽nasını itirir. Əxlaqi rəzalətlərə düçar olanlar özlərindən sonra nəfsani istəklərə əsir olan mə᾽nəviyyatsız adamların dünyaya gəlməsinə səbəb olurlar ki, bunlar da vicdanın və sağlam əqlin əmr etdiyi bütün vəzifələri çiyinlərindən atırlar.
1962-ci ildə Kennedi deyirdi: «Amerika gələcəkdə böyük problemlərlə üzləşəcək. Səhlənkar və şəhvətdə qərq olan cavanlar onlara həvalə olunan vəzifələrin öhdəsindən gələ bilməyəcəklər. Hərbi xidmətə çağırılan hər yeddi cavandan biri yararsız olur. Bu da o səbəbdəndir ki, cavanlar ifrat dərəcədə şəhvətə aludə olub, öz cismi və ruhi hazırlıqlarını əldən verirlər.
Sovet rəhbərlərindən olan Xruşşov isə belə deyirdi:
«SSRİ-nin gələcəyi təhlükə qarşısındadır. Bizim səhlənkar və şəhvət əsiri olan cavanlarımızın heç vaxt ümidverici gələcəyi ola bilməz».
Qəribədir, insan elm və texnikanın inkişaf etdiyi bir əsrdə cavanların başını qızışdıran bu problemin qarşısında diz çökür və hər gün müasir cəmiyyətdə yeni-yeni xoşagəlməz çətinliklər meydana çıxır.
Həmin ictimai problemlər, onların cavanlara etdiyi tə᾽sir və fəsadın artması bir daha sübut edir ki, müasir mədəniyyət insanların fitri və ruhi istəklərini tə᾽min edə bilmir və onların mə᾽nəvi hiss və meyllərinə düzgün cavab verilmir.
Özünüöldürmə hallarının cəmiyyətdə çoxalması həmin mövcud vəziyyətin törətdiyi eybəcərliklərdəndir. Xalqın maddi rifahının yüksək olmasına baxmayaraq, özünüöldürmə faktlarının sayı artmaqdadır. 1976 -cı ildə Almaniyada özünə qəsd edənlərin sayı 10 min nəfəri keçmişdi. Həmin il orada 6 min kişi və 7 min qadın özlərinə qəsd etsələr də, onları xilas edə bilmişdilər. Müasir mədəniyyətdə hamıdan çox özünə yer tutan Fransada hər il ən azı 35 min nəfər özünü öldürür.
ABŞ-da cavanların narkotik maddələrə qurşanması dəhşətli şəkil almışdır. Nyu-York polisi son vaxtlar 16-35 yaş həddində olan 38 min cavanın narkotik maddələrin tə᾽sirindən həlak olduğunu xəbər vermişdi. Narkomanlar arasında heroindən istifadə edənlər «birinci yeri» tuturlar. Hal-hazırda təkcə Nyu-Yorkda 100 min adam heroindən istifadə edir.
İncəsənət xadimləri hesab olunan artistlər, sənətçilər və mədəniyyət işçiləri arasında narkomanlıq geniş yayılmışdır. Nyu-Yorklu bir həkim deyirdi ki, məşhur incəsənət xadimlərindən biri 24 saat ərzində 10 dəfə özünə iynə vururdu. Ümumiyyətlə, dünyadan vaxtsız köçən çoxlu sayda məşhur sənət adamları həddən artıq narkotik maddə işlətdikləri üçün ölürlər.
ABŞ kimi böyük və «mədəni» ölkədə hər 25 dəqiqədə bir ağır cinayət, hər sutkada 3 qətl və 5 zorlama, 3 böyük oğurluq, 3 min kiçik oğurluq baş verir. Halbuki təkcə Nyu-Yorkda cinayətkarlığın qarşısını almaqdan ötrü hər il 100 milyon dollardan artıq vəsait sərf edilir.
Bu həmin «Amerika yaşayış tərzi»dir ki, iftixarla təbliğ edilir və dünya xalqları üçün nümunə kimi göstərilir!
Kilsə öz güclü təbliğat qurumları və böyük qüdrəti ilə qərb cəmiyyətinin ictimai-mədəni həyatının müxtəlif sahələrinə nüfuz etsə də, xalqın əxlaqının saflaşdırılmasına heç bir tə᾽sir edə bilməmiş və insanların mə᾽nəviyyatının islah olunmasını tə᾽min etməmişdir. Cəmiyyətin mə᾽nəvi fəsadlar caynağından xilas olması və insanların heyvani istəklərin əsirliyindən nicat tapmasında müvəffəqiyyət qazana bilməmişdir. İbadət və nəfsin paklanması, ali insaniyyət dərəcələrinə çatmaq, Allaha yaxınlaşmaqla və xalis niyyət yolu ilə həyata keçirildiyi halda, kilsə özü həqiqi üsullarından uzaqlaşaraq, saxta əqidələrin təbliğ edilməsinə bais olmuşdur.
Xristianlıq təkcə əqidə məsələlərində xurafata düçar olmamış, həmçinin Allaha həqiqi və düzgün ibadət etmək yollarını da əldən vermişdir. Təəccüb etməyin, kilsədə hətta «rəqs salonu» qurulur ki, cavanları bunun vasitəsilə ibadətə sövq etmək mümkün olsun.
İffət, təqva və gözəl əxlaqi keyfiyyətlər yetişdirmək üçün nəzərdə tutulan ibadətgahlar belə yüngül və dəyərsiz əyləncələr məkanına çevrilir. Vəzifəsi əxlaqi fəsadlar selinin qarşısını möhkəm sədd kimi almalı olan dini rəhbərlərin özləri mə᾽nəvi və əxlaqi pozğunluqların tə᾽siri altına düşmüşlər. Buradan belə bir nəticə çıxarmaq olar ki, xristianlıq heç vaxt insanlara Allahı düzgün şəkildə tanıtdırmağı bacarmaz, qərb dünyasını əxlaqi fəsad və mə᾽nəvi böhran vəziyyətindən xilas edə bilməz. Kilsənin aşağıda göstərilən «hidayət» üsulları dediklərimizi bir daha təsdiqləyir:
«Ruhani atalar rəqs və musiqi ilə kilsə mühitində yol azmışları «hidayət» edirlər. Fransis ata 35 ildir ki, kilsədə musiqi ilə məşğul olur. Onun bu sahədə böyük məharəti var. İndiyədək o, 1500 kilsə mahnısı bəsdələyib. Bu keşiş öz dini fəaliyyətlərində və yaradıcılıqda böyük enerji sərf etməkdə davam edir».
Məgər belə əməlləri ibadətgahlarda həyata keçirmək din və məzhəbə qarşı məsxərə etmək deyilmi? İbadət Allah peyğəmbərlərinin ən ali tərbiyəvi göstərişlərindəndir. Heç kəs təkcə Allaha arxalanmadan, ağılsızlıq dərəcəsində maddiyyata bağlı olan dünyanın fəsadlarından kənarda qala bilməz. İnsan öz yaşayışında Allahı düzgün tanımadan heç vaxt səadətə yetişməz.
İnsanı qeyd-şərtsiz şəhvətin əsirliyindən azad edən ibadətdir. O, insanları mə᾽nəvi səadətə qovuşmağa və Allaha yaxınlaşmağa nail edir. Özünüz fikirləşin, belə bir ilahi üslub necə olub ki, nəfsani istəklərə tabe olan adamların əlində alətə çevrilmişdir.
Qəflət pərdələrini yırtmaq və ruhi-mə᾽nəvi həyatda böyük bir inqilab yaratmaq İslami ibadətlərin fəlsəfəsidir. Yaxşı olar ki, məsihi alimlərinin biri Sehvud Uobbun dilindən müsəlman və xristian ibadətlərinin ədalətli müqayisəsini göstərək:
«Sofiya məscidində məzhəbi namaz mərasimini müşahidə etmək imkanı əldə etmişdim. Bu mərasimin mühüm bir hissəsi «ruku» və «səcdə»dən ibarətdir. Namaz qılanlar gərək bir neçə dəfə rukuya gedib əyilələr, sonra isə səcdə edələr. Həmin vaxt Allahı sitayiş edən müqəddəs kəlmələri demək lazımdır.
Namaz vaxtı müsəlmanların əzəmətli şəkildə təvazökarlığı və Allaha itaəti məni şiddətli surətdə heyrətləndirdi. Doğrusu mən belə riyasız, xalisanə və Allaha itaətin dərinliyi ilə seçilən ibadəti heç vaxt və heç bir xristian kilsəsində görməmişəm. Sonra mənə balkonların birindən «Qədr gecəsi» adlanan, Qur᾽an oxunması və namaz qılınması ilə müşahidə edilən mərasimə baxmaq şərəfi nəsib oldu. Bu gecədə müqəddəs Qur᾽an İslam peyğəmbərinə nazil olmuşdur. Sofiya məscidi həmin gecə 5 mindən çox adamla dolmuşdu. Onlar namaz qılır, Qur᾽an oxuyur və ibadət edirdilər. Namaz qılanların ruku və səcdə etməsi, təkbir demələri, ayə oxumaları çox xəfif halda, lakin dərin mə᾽naya malik bir ibadətdir.
Misilsiz və əzəmətli mərasimdə eyni zamanda müsəlmanların Allahdan necə qorxmaları müşahidə edilirdi. Qorxu və sitayişin dərinliyi ilə bərabər müsəlmanların ibadət mərasimində azadlıq, həqiqi bərabərlik və ayrı-seçkiliyin olmaması aydın surətdə görünürdü. Mən müşahidə edir və görürdüm ki, kasıb bir hambal çox yaxşı geyinmiş varlı müsəlmanla çiyin-çiyinə dayanıb dua oxuyur, qara dərili müsəlman isə yaraşıqlı və əsilzadə görkəmli din qardaşının yanında ibadətlə məşğuldur.
İslam yarandığı vaxtdan nüfuzlu qardaşlıq dini kimi tanınır və indiyədək özünün bu xüsusiyyətini əldən verməmişdir».
Din və məzhəb barəsində qərb dünyasının düçar olduğu ən böyük səhv budur ki, onlar dini, şəxsi və batini bir iş kimi təsəvvür etmişlər. Bu halda da dinin heç vaxt həyat gerçəklikləri ilə rabitəsi olmur. Əqidələrindəki həmin səhvlər onların həyatının bütün sahələrinə öz kölgəsini salmışdır və fəaliyyətlərinə zərərli şəkildə sirayət etmişdir. Əqidələrdəki böhranlar insanın yaşayışında da özünü kəskin formada göstərir. Nəticədə, insan nəfsani istəklərin və cinsi ehtirasların qurbanına çevrilir, habelə cəmiyyətin bütün sahələrində fəsadlar baş alıb gedir.
Bundan əlavə, belə tərzi-təfəkkürlü insanın nəfsi daxilində daim yüksək mə᾽nəvi dəyərlərə qarşı mübarizə baş verir. İnsan gərək öz dini vəzifələrini yaxşı tanıyıb, yaşayışında onları rəhbər tutsun. Hər bir əməl və təsəvvür əqidələr çərçivəsində özünəməxsus rəng alır və əslində həyat əqidədən başqa bir şey deyildir. Dini xarici dünyadan və əqidəni dini hökmlərdən ayırmaq böyük və bağışlanmaz bir səhvdir. Amerikalı bir yazıçı «Elm və din arasındakı çəkişmələr» adlı kitabında həmin səhvlər haqqında belə yazır: «Rum imperiyasında xristianlığı rəsmi və məcburi din e᾽lan edən Konstantin bütpərəstləri yeni dinə cəlb etmək üçün bütpərəstlik məfhumlarının və ayinlərinin bə᾽zilərini xristianlığa qarışdırdı.
Orta əsrlər və yeni dövrdəki Avropada Allahın inkarına gətirib çıxaran fikirlərin əsas səbəbi məhz belə bir təsəvvürdür ki, guya din yalnız insanın Allahla əlaqəsidir və onun yaşayış sahələrində heç bir rolu yoxdur. Başqa sözlə, belə düşüncəli adamların təsəvvüründə əqidə yalnız insanın qəlbi ilə bağlıdır, yaşayış mühiti isə əqidədən tamamilə ayrıdır».